
1964 Avroviziya Mahnı Müsabiqəsi — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri “Dansevise” adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur.
1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç müsabiqədə iştirakdan imtina etdi bununla da iştirakçı sayı artıq 4-cü ildir ki, 16 olaraq qaldı. Səsvermə sistemində yenə kiçik dəyişiklik edildi, 10 nəfərdən təşkil olunmuş münsif heyəti bəyəndiyi 3 favorit mahnıya 5, 3 və 1 xal vermə imkanı əldə etdi.
İsveçrə təmsilçisi mahnısını ifa etdiyi zamanda anidən bir nəfər əlində “Boycott Franco & Salazar” yazan plakat ilə səhnəyə çıxdı və kameralar görüntüləri səsvermə panelinə yönəltdilər. Mühafizəçilər protestoçunu kənarlaşdırdıqdan sonra kameralar yenidən ifaçıya tərəf döndərildi.
16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi “Non ho l’età” mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi.
Maraqlı faktlar:
Almaniya, İsveçrə, Portuqaliya və Yuqoslaviya müsabiqədən 0 xal alaraq sonuncu oldular.
Portuqaliya ilk dəfə müsabiqəyə qatıldı.
İtaliyanı təmsil edən Cilyola Çinkvetti müsabiqə tarixində ən az yaşlı qalib kimi qalmağı bacardı. O daha sonra 1974-cü ildə müsabiqədə yenidən iştirak edir, 1991-ci ildə isə müsabiqədə aparıcı olur.
Həmin ilin heçbir videoyazısı təəssüflər olsun ki 1956-da olduğu kimi günümüzə gəlib çatmayıb. Buna səbəb Danimarka yayımçı kanalında baş verən yanğın zamanı arxivin məhv olması göstərilir. Lakin bəzi videolar və səsyazıları qalır.